İctimai nəqliyyatda YENİLİK – Elektrikli avtobusların gəlişi NƏYİ DƏYİŞƏCƏK?
Xəbər verdiyimiz kimi, Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesinə başlanılıb. Avtobusların ilk partiyası artıq Bakı şəhərinə çatıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub. Avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.
Nəzərə alaq ki, Bakı şəhərində gündəlik 2500 avtobusun xidmətinə ehtiyac var. Lakin gündəlik xəttə 2000-ə yaxın avtobus çıxır. Beləcə, yaşanan avtobus çatışmazlığı bir sıra problemlərin meydana çıxmasına səbəb olur.
Nə etməli?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 160 avtobusun alınıb gətirilməsi müsbət hadisədir:
“Amma yetərli deyil. Çünki avtobus çatışmazlığı faktını heç kim dana bilməz. Ona görə də alınan avtobuslar ehtiyacların çox cüzi hissəsini ödəyəcək. Amma ehtiyac yenə açıq qalacaq. Ona görə də ictimai nəqliyyatın dayanıqlılığı və əlçatanlığı üçün iqtisadi əsaslandırma aparılmalıdr.
Yəni bizim nə qədər avtobusa ehtiyacımız var, nə qədər avtobusumuz var və yaranan fərqi necə qapatmaq olar?
Çox təəssüf ki, bununla bağlı müxtəlif fikirlər səslənsə də,rəsmi mövqe yoxdur.
Nəzərə alaq ki, bu gün avtobusla daşıma əsasən özəl sektorun əlində cəmləşib. Amma “BakuBus” kimi dövlət şirkəti də var. Lakin bununla belə mövcud olan şirkətlər öz vəzifələrinin öhdəsindən gələ bilmir.
Bunun da başlıca səbəbi azad rəqabətin olmamasıdır. Məsələn, nəqliyyat şirkətləri üçün ən böyük problemlərdən biri marşrut xətti almaqdır. Bir çox şirkət paytaxtın mərkəzi hissəsinə girə bilmir. Onlara ancaq şəhərətrafı marşrutlar təklif olunur.
Həmin marşrutlarda isə rentabellilik olmur.
Ona görə də şəhər ətrafında işləyən şirkətlər maraqlı deyillər ki, avtoparkı yeniləsinlər. Buna həm imkan çatmır, həm də stimul yoxdur. 250-300 min manata alınan avtobus şəhərətrafında öz xərcini ödəmir. Təsadüfi deyil ki, şəhərətrafı işləyən avtobusların hamısı müasir tələblərə cavab vermir”.
Müsahibimiz hesab edir ki, ictimai nəqliyyat sektoru tamamilə dövlətin balansına keçsə, daha yaxşı olardı:
“Çünki dövlətin balansında olan metro və dəmiryolu nəqliyyatı ilə bağlı narazılıq avtobuslardan xeyli azdır. Bu reallıqdan çıxış edərək deyə bilərik ki, avtobus nəqliyyatı da dövlət hesabına keçsə, çox yaxşı nəticələr əldə edilə bilər.
Bu zaman həm avtoparklar davamlı şəkildə yenilənər, həm də ədalətsiz rəqabət mühiti olmaz. Belə olan halda, şəhərin mərkəzi hissəsində də, kənarında da eyni cür avtobuslar hərəkət edər”.
Surxay Atakişiyev