Diplomlu çox, iş yeri yox - Ekspert işsizlik problemindən çıxış yolunu AÇIQLADI
Azərbaycanda hər il ali təhsil müəssisələrinə daxil olan gənclərin sayı artır. Lakin ən müşkül məsələ onların universiteti bitirdikdən sonra iş tapmalarıdır. Belə ki, 4 il sonra təhsilini başa vuran həmin gənclər ya ölkədə öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkdikləri üçün xaricə üz tuturlar, ya da tamamilə fərqli peşələrdə çalışmaq məcburiyyətində qalırlar. Beləliklə, ölkədə diplomlu fəhlələrin, kassirlərin sayı çoxalır...
Bəs həmin şəxslərin Azərbaycanda öz ixtisaslarına uyğun iş tapmaları üçün hansı imkanlar yaradılmalıdır?
Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a açıqlamasında bildirdi ki, ali və orta təhsil müəssisələrində ixtisaslar tələbata uyğun olaraq seçilməlidir:
"Əvvəlcədən planlaşdırılmalıdır ki, yetişdirilən mütəxəssislər öz ixtisaslarına uyğun iş tapa bilsinlər. Hansı ixtisasa daha çox tələbat varsa, orada plan yerlərini artırmaq lazımdır. Bu məsələni öz axarına buraxmaq əvəzinə, idarə etmək lazımdır. Digər tərəfdən 4 ildən sonra həmin şəxslərin iş tapa bilməsi üçün ölkədə əmək bazarı inkişaf etməlidir. Əmək bazarının inkişaf etməsi üçün bir neçə şərtlər var, bu amillər ölkə daxilində həll olmalıdır. Birincisi, rəqabət mühiti yaradılmalıdır ki, kapitalı olan istənilən şəxs bacardığı biznesi qurub yeni iş yerləri açsın. Həm də sahibkarlıq fəaliyyətinə mane olan bütün əngəllər aradan qalxmalıdır".
Ekspert digər ümumi amilləri də sadaladı.
"Məsələn, mülkiyyətə zəmanət verilməlidir. Qanunvericiliklə bu təmin olunub, ancaq biz internetdə axtarış versək, kifayət qədər sahibkarın əmlakının əlindən alınması barədə informasiyalara rast gələ bilərik. Belə halların qarşısı alınmalıdır ki, Azərbaycana investisiya qoyan yerli və xarici investor tam əmin olsun ki, onun əmlakına zəmanət var.
Digər tərəfdən qanunun aliliyi, məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Bunlar həyata keçirilsə, Azərbaycanda kifayət qədər özəl iş yerləri açılar və çox aktiv əmək bazarı formalaşa bilər. Bizim vətəndaşlarımız hazırda hər hansısa bir işin yaxasından tutanda onu itirmək istəmirlər, çünki bilirlər ki, iş yeri yoxdur, tapa bilməyəcəklər. Bunun da səbəbi odur ki, ölkə iqtisadiyyatını inhisarçılar tam olaraq öz əllərinə alıblar. Bunlar həll olunarsa, iş tapmaq məsələsində heç bir problem qalmaz. Ali təhsil alan şəxs bir neçə ay ərzində ixtisasını dəyişib, arzuladığı işdə fəaliyyət göstərə bilər", - deyə Akif Nəsirli bildirdi.
Sevinc İBRAHİMZADƏ