Payızda bir sıra məhsullar “od” qiymətinə satılacaq - Ekspert AÇIQLADI
“Payız aylarında kənd təsərrüfatı məhsullarının qiyməti ötən illə müqayisədə daha baha olacaq”.
"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli bunu TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu il kənd təsərrüfatı məhsullarının qiymətinin baha olması əsasən hava şəraiti ilə bağlıdır:
“Qeyri-sabit və əlverişsiz hava şəraiti məhsuldarlığı kifayət qədər aşağı saldı. Bu məntiqlə yanaşdıqda aydın olur ki, payız aylarında kənd təsərrüfatı məhsullarının qiyməti ötən illə müqayisədə bir qədər də baha olacaq”.
Ekspert qeyd edib ki, hazırda bazarda bolluğun yaranması üçün kifayət qədər məhsul yoxdur. Bu tendensiya payızda da davam edəcək:
“Çünki payızda yetişən meyvələr də yaz-yay aylarında inkişaf(vegetasiya) dövründə olurlar. Vegetasiya dövründə bar ətraf mühitin təsirinə məruz qalaraq xarab olur, tökülür, məhsuldarlıq aşağı səviyyəyə düşür. Ona görə də payız aylarında da eyni mənzərəni müşahidə etmək məcburiyyətində qalacağıq”.
Günəş Mərd