Ekspertdən "Azəriqaz" İB-ya xəbərdarlıq!
""Azəriqaz" İB RQİİ rəhbərləri üçün marifləndirmə və məlumatlandırma: diqqətlə oxuyun və qanuna əməl edin, əks halda sizi qanunda qeyd olunan cəzalar gözləyir...".
Bu xəbərdarlıqla Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının eksperti Azər Quliyev çıxış edib.
Ekspert daha sonra yazır: "Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına bu barədə də sistemli olaraq müraciətlər daxil olur və işçilər bağladıqları əmək müqaviləsi üzrə deyil, əmək funksiyalarına aid olmayan işlərdə çalışmağa məcbur edildiklərini, hətta, buna görə də bir çox hallarda əmək intizamı məsuliyyətinə cəlb olunduqlarından şikayət edirlər. Bununla əlaqədar bildirirəm:
1. Əmək Məcəlləsinə əsasən, hər bir işçinin əsas vəzifəsi bağladığı əmək müqaviləsi üzrə, əmək funksiyaları və vəzifələrini layiqincə yerinə yetirmək, eyni zamanda Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə əməl etməkdir;
2. İşçilər, yalnız bağladıqları əmək müqaviləsi üzrə əmək funksiya və ya vəzifələrə görə əmək intizam məsuliyyəti daşıyırlar, əmək müqaviləsində göstərilməyən funksiya və ya digər vəzifələrə görə məsuliyyət daşımırlar və buna görə onlar əmək intizamı məsuliyyətinə cəlb edilə bilməzlər;
3. İşçinin əmək funksiyası nədir? İşçinin əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur;
4. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir;
5. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir;
6. İşəgötürənlər, Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar;
7. Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə, min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur".