Kaxovka SES-nin dağılması 700 min adamı susuz qoyub
BMT: Kaxovskaya Su Elektrik Stansiyasının dağıdılması səbəbindən 700 minə yaxın insan içməli sudan məhrum olu
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, Kaxovka SES-in partlaması səbəbindən Ukrayna ərazisində 700 minə yaxın insan içməli sudan məhrum olub.
Qriffits vurğulayıb ki, indi prioritet daşqın qurbanlarının xilas edilməsidir, lakin Kaxovskaya su elektrik bəndinin dağıdılması uzunmüddətli nəticələrə səbəb olacaq. Xüsusilə kənd təsərrüfatı sahələrinin su altında qalması, Qriffitsin fikrincə, taxıl ixracının azalmasına gətirib çıxaracaq ki, bu da bütün dünyada ərzaq qiymətlərinin yüksəlməsinə və milyonlarla ehtiyacı olanlar üçün daha az ərzaq istehsalına səbəb olacaq.
Qriffits onu da qeyd edib ki, mina sahələrinin quraşdırıldığı ərazilər daşqınlara məruz qalıb. Onun sözlərinə görə, bu, mülki əhali üçün təhlükə yaradır, çünki su minaları “insanların gözləmədiyi yerlərə” köçürə bilər.
Bundan əlavə, Qriffits bildirib ki, BMT, əsasən, Ukrayna təşkilatları vasitəsilə Ukraynanın nəzarətində olan ərazilərin 30 min sakininə kömək edə bilib. Eyni zamanda, Rusiya daşqın qurbanlarına yardım göstərmək üçün təşkilata işğal olunmuş ərazilərə çıxışı təmin etməyib.
Xerson vilayətində daşqınlar iyunun 6-da səhər saatlarında Kaxovka su elektrik stansiyası bəndinin dağıdılmasından sonra başlayıb. Rusiya hakimiyyəti bunun Ukrayna Silahlı Qüvvələrinin stansiyaya endirdiyi zərbələr səbəbindən baş verdiyini iddia edir. Kiyev bildirib ki, Rusiya hərbçiləri bəndi içəridən partladıblar. Kaxovka su anbarında suyun səviyyəsinin yüksək olması və müharibə zamanı dəymiş ziyan səbəbindən bəndin öz-özünə dağıla biləcəyi versiyaları da var.
Eyni zamanda, seysmik hadisələri tədqiq edən NORSAR tədqiqat təşkilatının mütəxəssisləri Kaxovka SES-in bəndinin dağıdıldığı gün stansiyanın ərazisində partlayışın baş verdiyini göstərən siqnalları qeyd etdiklərini bildirdilər. Bundan əlavə, Co Bayden administrasiyasındakı "New York Times" mənbəsi Amerika casus peyklərinin hidroelektrik bəndin dağıdılmasından bir qədər əvvəl partlayış qeydə aldığını söylədi.