"Azərişıq"ın yeni 
soyğunçuluq metodları

Yusif Seyid

Yaxud, Prezidentin sosial siyasətinə qarşı təxribat


Azəbaycanın müstəqilliyinin ilk günündən başlanan sosial problemlər, məmur özbaşınalığı səbəbindən, artıq otuz ildir ki, həllini tapmır. Bu gün bir məsələdən danışıcağam, çünki hamısını bir yazıya sığışdırmaq çətin məsələdir.

Hamımız gözəl bilirik ki, dünyanın bütün sivil cəmiyyətlərində smart ödəniş sisitemi ən mükəmməl forma kimi qəbul olunub. Azərbaycan da pis-yaxşı bu sistemə qoşulmağa cəhdlər etdi. Lakin, görünür Azərbaycan məmurları buna hazır deyilmişlər, yaxud burada talançılığın mümkün olmayacağını anlamamışlar. Bunu anladıqları zaman isə smark kart sistemindən imtina etmək qərarına gəldilər və dövlət səviyyəsində (?) buna nail oldular. Çünki smart kart sistemi ilə ödəniş zamanı məmurların istehlakçılarla əlaqəsi qırılır. Xidmət sektorunda çalışan məmurlar isə vətəndaşların onların zülmündən azad olaraq, sərbəst olmalarını əsla qəbul edə bilmirlər. Baxmayaraq ki, smart kart sisteminin tətbiqi zəmanı da, məmurların əhalini müxtəlif yollarla incitmələri barədə çoxsaylı faktlar var idi.

Nəhayət, ölkə qanunlarından "bir neçə pillə daha yüksəkdə olan məmur çetesi" öz istəyinə çatdı, smart sayğasların mexaniki​ sayğaclarla əvəz olunması prosesi başladı və nə başladı. Bugünkü söhbətimiz də, bu barədə olacaq. Proses başlanan zaman deyildi ki, sayğaclar dövlət tərəfindən pulsuz dəyişdiriləcək. Bu yazının müəllifinə isə qaz sayğacının dəyişdirilməsi təxminən 400 manata, işıq sayğacının dəyişdirilməsi isə 50 manata başa gəlib. Açığını deyim ki, mən heç kimə əldən-ələ pul verməmişəm. Bu pulu mənim belimə borc kimi yükləyiblər. Günah özlərində olsa belə.

Əlqərəz, hadisələr vaqe olur Abşeron rayonunun Masazır kəndi Z. Həsənov küçəsi dalan 1, ev 5 ünvanında. Bu ilin aprel ayında "Azərişıq" istehlakçının xəbəri belə olmadan, sayğacı gizlincə dəyişir və istədiyi məbləği borc kimi abonentin boynuna yükləyir. Bu da sivil cəmiyyətlərdə abonentin - istehlakçının hüquqlarının kobud şəkildə pozulması kimi təsbit olunur. Azərbaysan məmurlarına görə isə bu, sadə bir səhvdir və bu səhvə görə, "Azərişıq" yox,​ istehlakçı "Azəqişıq" ASC-yə 50 manat pul ödəməlidir.

Gəlin faktlara diqqət edək. Beləliklə, aprel ayında saydac dəyişdirilir və yalnız 06-05-2023-cü il tarixdə "Azərişıq"ın əməkdaşı vətəndaşın ünvanına gəlir və onlara heç bir bildiriş vermədən gedir ki, "mən göstəriciləri kompüterə salacağam ondan sonra ödəniş edərsiniz". Abonent isə borcun yığılmaması üçün 01-05-2023-cü ildə enerji sərfiyyatını bilmədiyindən 30 manat ödəniş edir. İyun ayı gəlir "Azərişıq"dan səs-soraq gəlmir, vətəndaş 02-06-2023-cü il tarixdə daha 20 manat sərf etdiyi enerji üçün pul ödəyir və eyni zamanda öyrənir ki, onun "Azərişıq"a yox, "Azərişıq"ın ona 26 manat 91 qəpik borcu var. Sözün qısası 01-04-2023-cü ildən​ 02-06-2023-cü il tarixə qədər vətəndaş "Azərişıq"a ümumilikdə 76 manat pul ödəmiş olur.​ Nəhayət, 08-06-2023-cü ildə "Azərişıq"ın əməkdaşı qapıda peyda olur və bəyan edir ki, sizin "Azərişıq"a 49 manat 18 qəpik borcunuz var. Pişiyin quyruğu da, burada görünməyə başlayır. Bildiriş qəbzinə diqqət edin. Burada sayğac dəyişilən gündən 06-05-2023-cü il tarixinə qədər sərf olunan enerjinin miqdarı göstərilmir, yəni ki, sayğac 0. "Azərişıq"ın əməkdaşı özünə əziyyət verib aprel-may aylarında sərf olunan enerjini ayrı-ayrı hesablamaq əvəzinə onu bir ayın, daha doğrusu 32 günün üzərinə yükləyərək abonenti 51 manat 09 qəpik borclu çıxarır. Abşeron rayon işıq idarəsinin abonent şöbəsinin müdiri isə deyir ki, bu 65 günün sərfiyyatıdır. Əməkdaş deyir 32 gün, müdir deyir 65 gün. Əgər belədirsə, bu, hər ay üçün ayrı-ayrılıqda hesablanmalı idir. Sizin idarənin hansısa texniki problemlərinə vətəndaşlar məsuliyyət daşımır axı, cənab məmur. Əgər bu sərfiyyat qanunla hesablanmış olsaydı, nəticə tamamiylə fərqli olacaqdı. Gəlin biz qəbzdə göstərilən sərfiyyftı 3 yerə bölək (bunu ona görə deyirəm ki, dəqiq olaraq hansı ayda və gündə nə qədər enerji sərf etdiyimizi bilmirik, "Azərişıq" isə bunu dəqiq bilir, sadəcə özünə zəhmət vermək istəmir, həm də bu yolla yaxşı pul qazanır), hər ayı 30 gün və 300 kvts hesablasaq, vətəndaş bir aya 200 kvts -  (8 qəpikdən) 16 manat, limitdən əlavə 100 kvts (9 qəpikdən) 9 manat, cəmi 25 manat ödəməli olur. İki ayda 50 manat. Yerdə qalır 93 kvts bunu qarşıdan gələn aya da keçirmək olar, iyun ayının və aprel ayının günlərinə hesablayıb təxminə 7 manatı, 50 manatın üstünə gəlmək də olar. Hazırki vəziyyətdə isə şöbə rəisinin də etiraf etdiyi kimi 65 günün sərfiyyatı bir ayın üzərinə hesablayaraq, limitdən əlavə 393 kvts enerji sərfiyyatı görüntüsü yaradılır və vətəndaşa haqsız yerə 51 manat borc yazılır.

Mən hesab etmirəm ki, bu nə səhvdir, nə da təsadüfi haldır. Bu məqsədyönlü şəkildə qurulan bir sistemdir və məqsədləri də insanları bu yolla aldadaraq milyonlara sahib olmaqdır. Təsəvvür edin ki, "Azərişıq"ın 2 milyondan artıq abonenti var, hər birindən bu yolla 50-100 manat alınarsa, bu ən azından yüz milyon manat pul deməkdir ki, bunun də heç bir haqq- hesabı yoxdur.

Mən bir aldadılmış abonent, vətəndaş olaraq "Azərişıq" rəhbərliyindən bu rəzilliyi araşdırmağı tələb edirəm. Kimin üçünsə 50 manat kiçik məbləğ ola bilər, mənim üçün yox. Digər tərəfdən, biz nə qədər bu haqsızlıqlara dözməliyik və məmurlar başımızda turp əkib, pul biçməlidirlər.

P.S. Artıq neçə illərdir ki, Azərbaycanda kartla, onlayn ödənişlərin tətbiqi üçün işlər görülür, dövlət başçısı ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətin işlər görür. Pensiyalar, maaşlar artırılır, "Azərişıq", "Azərsu", "Azəriqaz" və digər xidmət qurumları imkan vermir ki, həmin artımdan 1 manat insanların cibinə getsin. Onlayn xidmət sistemi göstərir ki, abonentin "Azərişıq"a yox, onun abonentə 26 manat 91 qəpik borcu var. Sən bu sistemi işlədə bilmirsənsə, burada günahı nə üçün vətəndaşın üçtünə atırsan? Ölkə vətəndaşları bəyəm, sənə borcludurlar ki, sənin qəbahətlərini də öz üzərilərinə çəksinlər.

Məmur əfəndi, sən özünü qanunlardan, insanlardan üstün saya bilərsən, amma yaddan çıxarma ki, bu məzlum insanlarında arxasında Allah var. O, isə "məzlumlara zülm etməyin, onların sizə gücü çatmaz, məndən kömək istərlər və mən onlara kömək edərəm"- deyir.