"“Azərsu” və "Azəriqaz” əhalini belə aldadır...


""Azərsu” və "Azəriqaz" əhali qarşısında öhdəliklərini yerinə yetirmirlər”.
Bu sözləri açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı deyib.
O, artıq 7-8 ildən çoxdur bu məsələ barədə irad bildirdiyini, nəticənin olmadığını deyib:
“Səhv etmirəmsə, Azərbaycana 2012-ci ildə smart tipli sayğaclar gətirildi, ödənişlər kartla oldu. Lakin sonradan yavaş-yavaş mexaniki sayğaclar gətirildi və bizim Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının “Azəriqaz”da olan eksperti dedi ki, bu sayğaclarda deffekt var, bunlar heç də yaxşı deyil. Amma buna məhəl qoymadılar. Zaman keçdikcə həmin söz təsdiqini tapmağa başladı”.
M.Qəhrəmanlı deyib ki, sayğaclar dəyişdirildikdən sonra onlara rayonlardan çoxlu sayda şikayətlər daxil olmağa başlayıb:
“Regionlarda əsasən mexaniki sayğaclar olduğu üçün gəlib əhaliyə müxtəlif bəhanələrlə 1550 manat cərimə yazırdılar ki, guya sayğac işləmir, deşiblər və s. Lakin bu, hesaba düşməyən qaz sərfiyyatı ilə əlaqədardır”.
NHMT rəhbəri Nazirlər Kabinetinin 80 saylı qərarında qaz və sudan istifadə qaydalarının olduğunu bildirib:
“Həmin qərarın 4-cü bəndində öhdəliklər var ki, qaz sayğacının xarab olmasına, hər hansı bir hadisə baş verməsinə görə abonent məsuliyyət daşımır. Amma buna baxmayaraq, qaz sayğacına müdaxilə adi ilə əhalinin üzərinə qeyri-qanuni borc yükləyirlər.
Bilirsiniz ki, DOST xidməti vasitəsilə işləmək üçün idarə və müəssisələrə insanlar göndərilir. Onlar da işə müqavilə əsasında qəbul olunurlar. Aprel ayında müqavilə əsasında çalışan həmin şəxslərdən 4 nəfərin müqaviləsi uzadılmayıb. Onları ittiham ediblər ki, guya 4 nəfər öz qaz sayğacına müdaxilə edib. Onların isə qaz sayğacları evdə deyil, küçədən asılıb”.
M.Qəhrəmanlı vurğulayıb ki, “Azəriqaz” Dövlət Neft Şirkətinin tərkibində olduğuna görə bu kimi hallar dövlət tərəfindən araşdırılmalı, müstəqil yoxlamalar aparılmalıdır:
“Azəriqaz”ın əhaliyə qarşı göstərdiyin“xidmət”də çoxlu fəsadlar, müdaxilələr var. Ən yaxşısı smart tipli sayğaclar idi. İndi onları mexaniki sayğaclarla əvəz edirlər. Belə qənaətə gəlirəm ki, burada qaz itkisinin qarşısının alınması məqsədi güdülür. Bu sayğacların etibarlılığı şübhə altındadır.
Apardığım araşdırmalara görə, “Azəriqaz” işçilərin boynuna plan qoyub, onlar da əhalini məcbur edib pul alırlar. Az pul yığan işçi töhmət alır, töhmət çox olarsa, işdən çıxarılır.
İstər “Azərsu”, istərsə də “Azəriqaz” öhdəliklərini yerinə yetirmir. Həm də əhali ilə qurumlar arasında bağlanan müqaviləyə baxılmır. Bu problemlər aradan araşdırılmalı və aradan qaldırılmalıdır”.