Araz çayının çirklənməsi Güney Azərbaycan əhalisini narahat edir
"Fars News" xəbər verir ki, Ermənistan ərazisindən kimyəvi zəhərli suların axıdılması nəticəsində Araz çayında suyun çirkləndirilməsi Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin əhalisinin və rəsmilərinin ciddi narahatlığına səbəb olub. Bu, İranın şimal-qərb bölgəsini bir sıra əsaslı problemlərlə üzləşdirib.
Artıq İranın bəzi aidiyyati qurumları, o cümlədən Ətraf Mühitin Mühafizəsi və Regional Su İdarəsi Ermənistan ərazisindən zavod və mədənlərin kimyəvi tullantı və duzların Araz çayına axidılmasını təsdiqləyir.
Ətraf Mühitin Qorunması Təşkilatı və Energetika Nazirliyinin aidiyyatı qurumları “Araz çayının çirklənməsinə diqqət yetirin” adlı kampaniya təşkil edərək, məsələnin tez bir zamanda həllinə çağırıblar.
Kampaniya təşkilatçıları həmin ərazidə yaşayan 7 milyondan artıq insanın təhlükə ilə qarşı-qarşıya olduğunu bildirirlər.