"Azəriqaz" İB Qarabağ veteranına haqq etdiyi vəzifəni vermir!
2-ci Qarabağ döyüşçüsü Şahbazov Həsənbala ölkə başçısına müraciət edir. Narazı vətəndaş bir zamanlar "Azəriqaz" İB-da çalışdığını, hazırda isə işsiz qaldığını, iş üçün müraciətlərinin qulaqardına vurulduğunu qeyd edir.
H.Şahbazov yazır: "Mən iki il ARDNŞ-nin "Azəriqaz" İB-nın qaz idarəsində müqavilə əsasında işləmişəm. Sonra imtahan vermişəm və artıq bir ildir ki, şirkətin Kadr Ehtiyat Bazasında (KEB) işlə təmin olunmam üçün növbə gözləyirəm.
25 yaşım var. Ali təhsilliyəm. Azərbaycan Texnologiya universitetini bitirmişəm. Nəqliyyatda daşınmaların və idarə etmənin təşkili mühəndisliyi ixtisası üzrə təhsil almışam.
2-ci Qarabağ döyüşündə iştirak etmişəm, təqaüdçüyəm. Medallarla təltif olunmuşam, müharibə dövründə atam stresdən dünyasını dəyişdi və indi ailə başçısı mənəm.
62 yaşlı xəstə anama baxıram, vəziyyətimiz yaxşı deyil... Dövlətdən heç bir müavinat almırıq, çətinliklər çəkirik...
Artıq 1 ilə yaxındır ki SOCAR-a imtahan vermişəm və hələ də kadr ehtiyat bazasındayam..."
Görəsən, daha hansı kriteriyaları olmalıdır ki, cənab Ruslan Əliyev canını vətən yolunda fəda etməkdən çəkinməyən bu övladımızı işlə təmin etsin? Hər halda ilkin anlaşılanı, rüşvet verməyə pulunun olmamasıdır...
Məsələ ilə bağlı dia.az olaraq aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...