"Bakcell"dən gələn soyğunçu mesajlar...
Şirkət abonentlərin şəxsi məlumatlarını ayrı-ayrı şirkətlərə verməklə lisenziya şərtlərini kobud surətdə pozur. Bütün bunlar artıq müştərilərin böyük əksəriyyətinin səbr kasasını daşırmaq üzrədir
Bu gün ölkədə fəaliyyət göstərən mobil operatorların bir qismi vətəndaşlara əlavə problemlər yaradır, onların dəyərli vaxtını mənasız sms-lərlə alır, müştəriləri məşğul edir, onların yersiz xərcə düşməsinə səbəb olur. Misal kimi, həm telekanallar, həm radiolar, həm də müxtəlif saytlar vasitəsilə durmadan reklam olunan "Bakcell" şirkətini göstərmək olar. Məlumat üçün bildirək ki, adıçəkilən mobil operator tərəfindən abunəçilərə göndərilən müxtəlif məzmunlu mesajlar sadə vətəndaşların, eyni zamanda millət vəkillərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin ciddi narazılığına səbəb olur. Belə ki, indiyədək bir neçə dəfə Milli Məclisdə vətəndaşlardan daha çox pul qazanmaq məqsədi daşıyan belə narahatedici mesajlarla bağlı tənqidlər səsləndirilib.
Dəfələrlə olub ki, deputatlar mobil operatorları abunəçilərin şəxsi məlumatlarını onlardan xəbərsiz ayrı-ayrı şirkətlərə satmaqda ittiham edərək, bu kimi hallarda tezliklə son qoyulmasını tələb ediblər. Məsələn, bir neçə il öncə parlamentin iclasında çıxış edən millət vəkili Elmira Axundova internet paketlərin zəifliyindən və gələn, istənməyən sms-lərdən danışarkən bildirib ki, internetin keyfiyyəti, sürəti zəifdir, internetlə davamlı işləmək faktiki mümkün deyil. Millət vəkili həmçinin qeyd edib ki, mobil operatorlar müştərilərə spam xarakterli sms-lər göndərir. Onun sözlərinə görə, xüsusən "Bakcell"dən gələn sms-lərin əksəriyyətində müxtəlif kampaniyalara qoşulma və s. reklam olunur ki, bu zaman da abonentlərdən pul çıxılır. Elmira xanım bunun yolverilməz olduğunu deyib və bildirib ki, müştərinin razılığı olmadan ona bu tip mesajların göndərilməsi qadağan olunmalı, bunun qarşısının alması üçün əməli tədbirlər görülməlidir: "Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar tərəfindən heç bir tədbir görülmür. Təkcə mən yox, bütün abunəçilər bundan narazılıq edirlər. Mən "Bakcell"dən əvvəlcə xahiş, sonra isə tələb edirəm ki, bu cür aldadıcı və insanların cibini soymağa yönələn mesajların yayılmasına son qoysunlar. Əks halda, həmin abunəçilərin müdafiəçisi kimi, "Bakcell"i məhkəməyə verəcəm". Qeyd edək ki, həmin vaxt spiker Oqtay Əsədov da Elmira Axundovanın fikrini dəstəkləyib və "İnsanların arzusu olmadan onun telefonu SMS-lə doldurulur" deyib.
Sözün açığı, "Bakcell" müştəriləri ümid edirdi ki, millət vəkilinin haqlı etirazından sonra adıçəkilən mobil operator daha abunəçiləri mənasız ismarıclarla bezdirməz. Əfsus ki, gözləntilər özünü doğrultmadı. Odur ki, "Bakcell" hələ də bu tip sms-ləri göndərməyə davam edirlər. Adıçəkilən şirkətin yetkili şəxsləri mövzu ilə bağlı mətbuata verdikləri açıqlamalarında qeyd ediblər ki, guya reklam xarakterli sms-lərdən imtina etmək istəyənlər müvafiq nömrəyə "stop" sözünü yazıb göndərmələri kifayətdir. İddia olunur ki, bundan sonra müvafiq üçüncü tərəflərə – provayderlərə dərhal məlumat verilir və ismarıcların həmin nömrəyə göndərilməsi dayandırılır. Halbuki bu, boş və mənasız sözlərdən başqa bir şey deyil. Yəni müvafiq nömrələrə "stop" sözünü göndərdikdə belə, müştərilərə bezdirici sms-lər gəlməkdə davam edir. Bu isə onu deməyə əsas verir ki, özünə daha etibarlı, həqiqi, qayğıkeş, yenilikçi və cəsarətli deyən "Bakcell" şirkəti hələ də millət vəkillərinin tələblərinə məhəl qoymadan öz bildiyini edir. Məhz elə buna görə də hələ də "Bakcell" müştərilərinə hansısa şirkətdən sms gəlir və başlayır öz məhsullarını reklam etməyə. İş o yerə çatıb ki, ayaqqabı, qadın və ya kişi paltarları ticarətilə məşğul olan, tikinti materialları istehsal edən, onların satışı ilə məşğul olan hansısa firma, həmçinin gözəllik salonu, özəl klinika və ya digər şirkətlərdən reklam xarakterli ismarıclar daxil olur. Ay nə bilim bizim şirkətin məhsulları belədir, Avropa standartlarına cavab verir və s. Nəzərinizə çatdıraq ki, bu cür hallarla üzləşən vətəndaş şəxsi məlumatlarının bu və digər şirkət tərəfindən hansı yolla əldə etdiyini öyrənməyə çalışdıqda, "Bakcell" ünvanlanmış sualları cavabsız qoyur. Buradan da belə qənaətə gəlmək olar ki, "Bakcell" müştərilərinin şəxsi məlumatlarını hansısa firmalara ötürür. Bildiyiniz kimi, hər bir abonent adıçəkilən mobil operatordan yeni nömrə alarkən şəxsiyyət vəsiqəsindəki bütün bilgilər qeyd olunur, hətta sənədinin surəti də götürülür. Görünən odur ki, müxtəlif növ məhsul satan şirkətlərlə "Bakcell" arasında müəyyən anlaşma var. Əgər belə deyilsə, o zaman müştərilərin telefon nömrələri onların əlinə necə, hansı yollarla keçir?..