İrandan gələn qabyuyan mayenin üstünə nə yazılıb?
Əziz dostlar, təəssüf ki, ölkə bazarında xoşagəlməz hallarla rastlaşmaqda davam edirik. Bu günlərdə bir vətəndaş tərəfindən üzərində bizim dildə heç bir yazı olmayan qabyuyan maye barədə "Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) məlumat vermiş və nümunəni ofisimizə gətirmişdir. Nümunə əsasında apardığımız araşdırma nəticəsində çox ciddi bir məsələ ilə üzbəüz olduğumuzu anladıq.
Araşdırma nəticəsində bu məhsulun İrandan qeyri-qanuni yolla gətirildiyinin qənaətinə gəldik. Bazara qeyri-qanuni yolla daxil olan qabyuyan mayedə şübhəli məqamlar az deyil. Belə ki, məhsulun üzərində məlumatlar yalnız farscadır. Yerli istehlakçılar üzərində farsca yazılan məhsulun tərkibində hansı maddələrin olduğunu, istifadə müddətini və istifadə qaydalarını oxuya bilmir.
Belə ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında AR-nın qanunu, nazirlər kabinetinin 94 saylı qərarında bir mənalı şəkildə qeyd olunur ki, ölkənin əmtəə bazarında satılan bütün mallar o cümlədən qabyuyan maye xarici dillə yanaşı milli dildə də, markalanmalıdır. Bu istehlakçının beynəlxalq və yerli hüquqlarından biridir ki, mal haqqında səhih informasiya alsın.
Bununla bərabər dövlət qurumlarının nəzarəti xaricində idxal edilən bu mənşəyi məlum olmayan məhsulun keyfiyyəti də şübhə doğurur. İnsan sağlamlığını təhlükə qarşısında qoyan məhsul dəriyə təmas etdikdə qıcıqlanma, gözə sıçramasında isə müxtəlif fəsadlar törədə, hətta, insanın görmə qabiliyyətini itirməsinə də səbəb ola bilər.
Araşdırmalar göstərir ki, adıçəkilən qabyuyan maye Bakıda, Sumqayıtda, Cənub Bölgəsində və Şimal Bölgəsində, Astara gömrük civarındaki toptancıların hamısı satışda var.
Azərbaycan Respublikasının aidiyyatı orqanları tərəfindən nəzarət olunmadan İrandan gətirilən bu qabyuyan mayenin ölkə bazarına daxil olması istehlakçıların hüquqlarını pozmaqla bərabər ölkə iqtisadiyyatına da çox ciddi zərər vurur. Təəssüflə qeyd edirəm ki, əmtəə bazarının bu seqmentində qanuni fəaliyyət göstərən biznes qurumları bazarın bu seqmentində araşdırmalar aparmırlar.
Bu məhsul Azərbaycan iqtisadiyyatı, insanlarının sağlamlığı ilə bərabər ətraf mühit üçün də təhlükəlidir. Belə ki, məhsulun tərkibi və göstəriciləri məlum olmadığı üçün təbiətdə parçalanma müddəti də naməlumdur ki, məişət sularına qarışdıqdan sonra təbiətə axıdılarkən ekologiyaya da ciddi zərər verə bilər. Ölkəmizə gətirilən bu qabyuyan maye insan dərisi üçün olduqca təhlükəli ola bilər. Buradan məsul dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasına dəstək vermələrini xahiş edirəm. Durum olduqca ciddi və təhlükəlidir. Azad İstehlakçılar Birliyi olaraq mövzunu diqqətdə saxlayırıq.
AİİB sədri: Eyyub Hüseynov