CİNAYƏTKARIN SƏMİMİ ETİRAFI
Gədəbəydəki təxribatın xarici təşkilatçısı tapildı!
Gədəbəydəki məlum olay zamanı plakatların kimin tərəfindən hazırlanması yalnız Aynur Camal xanımı yox, çoxlarını düşündürür. Əlbəttə, bu uzun aylar ərzində peşəkar səviyyədə hazırlanmış və tam gizli, məxfi saxlanılan bir təxribat əməliyyatıdır. Ona görə hamı, o cümlədən İH, milli kəşfiyyat və əks kəşfiyyat xidmətləri duyuq düşmədi, sağ olsun Aynur xanım ki, bunu duya və təşkilatçıları tapmaq üçün ipucu verə bildi. Axtarmaq, baş sındırmaq lazım deyil. Təntənəli surətdə etiraf edirəm - o plakatları mən Almaniyada hazırlatdırıb Söyüdlüyə göndərmişəm!..
Kəndlilərin etirazını da mən təşkil eləmişəm, əks halda şad-xürrəm, həyatlarından razı, tox-firavan yaşayırdılar da. Dolu bədənlərindən, yupyumru yanaqlarından, ağızlarında əkilən cağbacağ keramoplastik dişlərdən, brənd əyin-başlarından, ayaqqabılarından həyat səviyyələri görünmür ki? Daha alman kəndlərindəki kimi, evlərinin qapısında dayanan cipləri, pikapları demirəm. Dünya əbəs yerə bizə həsəd aparmır ki?!..
Təəssüf ki, Heydər Əliyev hava limanında gömrükdən keçərkən plakatlar aşkar edilib agentim yaxalanmışdı. Təbii ki, əməliyyat planında bu da istisna olunmurdu, planın "B variantı" kimi, agent №1-i azad etmək, plakatları ölkəyə keçirmək üçün gözləmə zalında olan agent №2 hazır saxladığı 30 000 avrodan 13 600-nü hörmət etməli oldu. O, gömrük işçiləriylə danışıb qiyməti öldürdü, yoxsa əvvəldə 30 000 istəyirdilər. №2 ödəniləsi hörmətin qiymətini mümkün aşağı həddə sala bilərək əməliyyatın uğurlu davamını təmin edib. Qeyd etmək lazımdır ki, №2 qiymətli kadr, keçmiş milis-polis polkovniki, hazıda təqaüdçüdür, cavanlıqdan tanıdığım, 26 Bakı komissarı rayonu milis şöbəsində işləyib, 1993-dən bu yana həmişə dövlətçiliyimizin keşiyində duran adamdır. Bacarığını rəhbərliyə raportumda qeyd eləmişəm.
Beləliklə, №1-in azad olunmasını saymıram, plakatın biri ortalama 1 500 avroya başa gəldi..
Aksiyaya çıxmaq üçün kəndlilərin hərəsinə 50 avro təklif eləmişdim, razı olmadılar, dedilər “50 nədi ki? O pula heç barmağımızı da tərpətmərik”, məcburən hərəsinə 100 avro verdim, bunu və hava limanında edilən hörməti saysaq, əməliyyatın büdcəsini aşmış oldum.
Əməliyyatın məqsədi Azərbaycanda sabitliyi pozmaq, sonucda ölkəmizin uğurlu daxili və xarici siyasətinə, adına kölgə salmaq idi, məqsədə nail olundu. Əməliyyatın ideyası mənimdir, texniki və maliyyə dəstəkçisi AFR DİN-nin İS - terrorizm və ekstremizmlə mübarisə şöbəsi və CİA - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsidir. Almanlar məbləğin 60%-i, amerikalılar 40%-i ödəyib.
Çingiz Sultansoy