"Bizdə təbii qaz, Türkiyədə isə dərman ucuzdur” - Nazir müavini
Rasim İsmayılov
“Dərman qiymətlərinin baha olmasına səbəb yaradan bir çox faktorlar var. Baxmaq lazımdır ki, qiymətini müqayisə etdiyimiz dərman vasitəsi o ölkənin daxili istehsalıdır, yoxsa ora da idxal yolu ilə gəlir”.
Bu fikirləri səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin iclasında bildirib.
“Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!
Bundan əlavə, bahalığa səbəblərdən biri də ölkələrin əhali sayıdır. On milyonlarla əhalisi olan ölkələrdə qiymət daha ucuz olacaq, çünki orada dərman şirkətləri üçün daha geniş bazar var”, - nazir müavini vurğulayıb.
P.S. Rasim İsmayılova xatırlatmaq lazımdır ki, Türliyədə dərmanı əsaslı kapital qoyub istehsal edirlər, amma Azərbaycanda təbii qazı havayı olaraq yerdən çıxardırlar! Bəlkə bilmir...