Azərbaycan fındıq istehsalı üzrə ilk 5 ölkə sırasındadır

Azərbaycan fındıq istehsalının ən böyük payına malik ilk 5 ölkə sırasına daxil olub.

Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının 2022-2023-cü illər üzrə hesabatınada bildirilir ki, ölkə qlobal istehsalçılar arasında 4-cü yerdədir.

Bu dövrdə Azərbaycanda 24 min ton qabığı soyulmuş fındıq istehsal edilib. Ölkəmizin dünya istehsalında payı 4 faiz təşkil edir.

İlk üçlüyə isə Türkiyə (415,3 min ton – 71 faiz), İtaliya (38,7 min ton – 7 faiz) və ABŞ (31,9 min ton – 5 faiz) daxildir. Beşinci yerdə Çili (22,7 min ton – 4 faiz) qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında ölkədən 54,6 milyon ABŞ dolları dəyərində 11 min ton meşə fındığı ixrac olunub. Bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 1,6 faiz (877,27 min dollar), həcm olaraq isə 15,7 faiz (1,5 min ton) çoxdur.