Azərbaycanda Halal Biznes və Turizm Forumu keçiriləcək



İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

“Caspian Event Organisers”dən  verilən məlumata görə, Anlaşma Memorandumunun imzalanması Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasının açılış mərasimində baş tutub. Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İslam Biznesi Beynəlxalq Assosiasiyasının prezidenti Marat Kabayev, ICCIA-nın Baş katibi Yusif Xələvi və “Caspian Event Organisers” MMC-nin icraçı direktoru Bəhruz Hidayətzadə imzalayıblar.

Anlaşma Memorandumu 2024-cü ildə Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsi ilə əlaqəli məsələlər üzrə birgə fəaliyyəti, müştərək layihələrin icrası məqsədilə tədbirlərin keçirilməsi üzrə qarşılıqlı əməkdaşlığı tənzimləyir.