Qazaxıstan Transxəzər marşrutu ilə yükdaşımaları artırmağı planlaşdırır

Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yükdaşımaları artırmağı və 2030-cu ilə qədər onu ildə 500 min konteynerə çatdırmağı planlaşdırır.

Qazaxıstan mətbuatı xəbər verir ki, bu barədə dövlət başçısı Qasım-Jomart Tokayev “Mərkəzi Asiya + Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası”nın birinci Sammitində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Qazaxıstan TBNM-in potensialının artırılmasına önəm verir: “Biz bu marşrutla yük axınını sistematik şəkildə artırmaq və 2030-cu ilə qədər onu ildə 500 min konteynerə çatdırmaq niyyətindəyik. Bundan əlavə, Qazaxıstan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün tədbirlər görür”.

Qeyd edək ki, “Orta dəhliz” kimi də tanınan TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropaya qədər uzanır. TBNM Assosiasiyasına 8 ölkədən dəmir yolu administrasiyaları, limanlar, gəmiçilik və s. olmaqla 20 şirkət daxildir.

2022-ci ildə TBNM marşrutu üzrə konteyner daşımalarının həcmi 33020 ekvivalent konteyner (TEU) təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 33 faiz çoxdur.