Azərbaycanda yeni bahalaşma dalğası - Səbəblər...
14:31:51“Siqaretin qiymətinin bahalaşmasını qida məhsullarının bahalaşmasının anonsu kimi qəbul etmək düzgün deyil. Ona görə ki, siqaretin qiymətlərinin bahalaşması başqa, qida məhsullarının qiymətlərinin qalxması isə tamamilə başqa məsələdir. Yəni bu qiymətlərə təsir edən amillər ayrı-ayrıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib.
O, siqaretlərin qiymətlərinin bahalaşması fonunda qiymət artımının ərzaq məhsullarına da təsir edəcəyinə dair səslənən iddialara münasibət bildirib.
Mütəxəssisin fikrincə, burada bir sıra ümumi amillər də var:
“Belə ki, bazarda ümumi qiymət artımının təsirləri bütün məhsullara, hətta qeyri-ərzaq məhsullarına belə təsir edir.
O ki qaldı gözlənilən ərzaq məhsullarının qiymətinin bahalaşmasına, hazırda şəkərin qiymətində bahalaşma qeydə alınsa da, qiymətlər indi sabitləşib və yəqin ki, sonrakı dövrlərdə artım qeydə alınmayacaq. Çünki mövsüm dövrü tələbatı təmin edilib və qiymətlərdə sabitləşmə var. O cümlədən ay yarımdan sonra bu məhsullarda ucuzlaşma qeydə alına bilər”.
“Digər tərəfdən, məlum səbəblərdən dünyada düyünün, ərzaq buğdasının, bitki yağlarının qiymətində bahalaşama var. Təbii ki, inhisarçı bazar kimi, Azərbaycan bazarı da bu qiymət artımlarına dərhal reaksiya verəcək və yəqin ki, bu məhsullarda və buna bağlı olan digər ərzaq məhsullarında qiymətlərin bahalaşması yaxın günlərdə müşahidə olunacaq”, – əlavə edib.
A. Nəsirliyə görə, Azərbaycan bazarına xarakterik bir məsələ də budur ki, yay aylarında ərzağın qiyməti sabitləşir:
“Sadəcə olaraq düyü, duru yağları və digərləri idxal məhsuludur deyə bahalaşma olur. Məsələn, biz düyünün 70%-ni, bitki yağlarının isə 80%-ə qədərini xaricdən alırıq. Ona görə də xarici bazarın təsirləri bu qida məhsullarının üzərində daha çoxdur və yay aylarından oktyabra qədər bu məhsullarda bahalaşmanın qeydə alınacağı gözləniləndir”.
Müsahibimiz söyləyib ki, qiymət artımı fonunda maaşların qalxması gözləniləndir:
“Amma Azərbaycanda əmək bazarı normal şəkildə formalaşdırılmadığına, eyni zamanda operativ şəkildə işləyə bilmədiyinə görə, bu reaksiyalar bir qədər gecikəcək. Çünki normal iqtisadiyyatlarda qiymətlərin bahalaşması fonunda dərhal maaşların da artımı müşahidə olunur. Amma Azərbaycan iqtisadiyyatında əmək bazarı normal formalaşmayıb. İnhisarçı bazarda əmək bazarının inkişaf etməsi çətin məsələdir.
Fikrimcə, maaşların qiymət artımına reaksiyası bir qədər gecikəcək. Yəqin ki, bahalaşmaya reaksiyalar, yəni maaş artımları ilin sonuna doğru müşahidə oluna bilər”.
Rafi MÜSLÜMOV