Ukraynanın dövlət borcu 133 milyard dollara çatdı

Ukraynanın dövlət borcu bir ayda 4 milyard artaraq, demək olar ki, 133 milyard dollara çatıb.

Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Ukraynanın dövlət və dövlət zəmanətli borcunun məbləği iyulda 146,23 milyard qrivna və ya 4 milyard dollar artıb.

Ali Radanın Maliyyə Komitəsinin məlumatına görə, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması nəzərdə tutulur ki, bu da növbəti il ​​üçün ÜDM-in proqnozlaşdırılan səviyyəsinin 102,3 %-ni təşkil edir. Ukraynanın 2023-cü il dövlət büdcəsində 38 milyard dollar kəsir nəzərdə tutulub.

Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Qərbi 2023-cü ildə Ukrayna büdcəsinin kəsirini tam şəkildə ödəməyə çağırıb. Ötən həftə Ukrayna televiziyasına müsahibə verən Zelenski Qərb ölkələrinin xarici borcun böyük hissəsini restrukturizasiya edəcəyinə ümidvar olduğunu bildirib.