Banqladeşdə komendant saatının tətbiqindən sonra hakimiyyət Dəkkəyə və ölkənin digər şəhərlərinə hərbi bölmələrin daxil edildiyini açıqlayıb.
Bu barədə Lim10.az "Hindustan Times" qəzetinə istinadən bildirir.
Nəşrin məlumatında görə, tələbə etirazçılarla polis arasında toqquşmalar zamanı azı 105 nəfər həlak olub, onlardan ən azı 55-i Dəkkədə həyatını itirib. Həmçinin, 700-dən çox insan yaralanıb.
Banqladeşin Baş naziri Şeyx Hasinanın mətbuat katibi Naimul İslam Xanın sözlərinə görə, qoşunlar "asayişin bərpasına kömək məqsədilə" yeridilir.
Dəkkə polis rəisi Həbibur Rəhman jurnalistlərə bildirib ki, paytaxtda bütün mitinqlər, yürüşlər və ictimai toplantılar qadağan edilib.
"Bu addım ictimai təhlükəsizliyin təmin edilməsi üçün lazımdır", - deyə o izah edib.
Xatırladaq ki, Banqladeşdə etirazlar bu ayın əvvəlində, ölkədəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbənin 1971-ci ildə müstəqillik uğrunda müharibə iştirakçılarının - azadlıq uğrunda döyüşçülərin qohumları üçün işə qəbul kvotalarına etiraz etməsindən sonra başlayıb. Bu kvotaların ayrı-seçkilik olduğu hesab edilib. 170 milyon əhalisi olan ölkədə 32 milyona yaxın gənc işsizdir və ya peşə təhsili yoxdur. Onlar hesab edirlər ki, hakimiyyət işsizliklə mübarizə üçün kifayət qədər iş görmür və buna görə baş nazirin istefasını tələb edirlər.
Eyni zamanda, paytaxt şəhər polisinin sözçüsü Faruk Hüseynin jurnalistlərə bildirdiyinə görə, Dəkkədə son 24 saat ərzində etirazçılarla toqquşmalar zamanı ən azı 300 Banqladeş polisi yaralanıb:
"Ən azı 150 polis əməkdaşı xəstəxanaya yerləşdirilib, daha 150 nəfərə ilkin tibbi yardım göstərilib".
O əlavə edib ki, polis yüzminlərlə etirazçı ilə mübarizə aparıb.
Banqladeşdə vəziyyət kəskinləşir: Şəhərlərə ordu yeridilir