Ermənistanın keçmiş prezidenti Robert Koçaryana və digərlərinə qarşı cinayət işi bərpa oluna bilər.
Bu barədə Lim10.az Ermənistan KİV-ə istinadən bildirir.
Məlumata görə, Kassasiya Məhkəməsi ittihamların yenidən təsnifatlandırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Bir gün əvvəl Konstitusiya Məhkəməsi qərara alıb ki, Cinayət Məcəlləsinin ittihamın əlavə edilməsi və ya dəyişdirilməsi imkanını müəyyən edən maddəsinin müvafiq hissəsi Konstitusiyaya uyğundur. Xüsusən, məhkəmədə başqa cinayətin törədilməsinə dair sübutlar ortaya çıxdıqda, prokuror məhkəmənin müşavirə otağına getməsindən əvvəl ittihamı dəyişdirə bilər.
"Prokurorluq, böyük ehtimalla, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səhlənkarlıqla bağlı yenidən təsnifatlandırma etmək niyyətindədir. Amma indiki mərhələdə Cinayət Prosessual Məcəlləsi buna imkan vermirdi. İndi hər şey Kassasiya Məhkəməsinin hansı qərarı verəcəyindən asılıdır", - deyə ikinci prezidentin vəkillər qrupunun üzvü Ayk Alumyan qeyd edib.
Xatırladaq ki, 2021-ci ildə Koçaryana qarşı cinayət təqibi dayandırılıb və 2008-ci il hadisələri zamanı konstitusiya quruluşunu devirməkdə ittiham olunduğu maddə Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya zidd hesab edilib.