ABŞ fond birjası çökdü

Avqustun 5-də ticarət sessiyasının açılışında ABŞ fond bazarında indekslər kəskin aşağı düşüb.

Lim10.az TASS-a istinadən xəbər verir ki, "S&P 500" indeksi 4,27 faiz, "Dow Jones" indeksi 2,72 faiz, "NASDAQ Composite" isə 6,35 faiz ucuzlaşıb.

Ən böyük ucuzlaşma texnologiya şirkətlərinin qiymətlərində olub. "Tesla" səhmləri 7,67 faiz, "Apple" səhmlərinin qiyməti 5,09 faiz, "Microsoft" 4,52 faiz ucuzlaşıb.

ABŞ fond bazarında azalma avqustun 2-də əmək bazarı statistikasının dərcindən sonra başlayıb.

"Nikkei" birjası 1987-ci ilin "qara bazar ertəsi"ndən bəri ilk dəfə ticarət sessiyası ərzində 3000 bənddən çox itirib.

Lim10.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu, ticarət məlumatlarından görünür.

Bildirilir ki, Yaponiyanın 225 aparıcı şirkətinin səhm qiymətlərinin dalğalanmasını əks etdirən Tokio Fond Birjasının (TFB) əsas indeksi ticarət sessiyası ərzində 10%-ə qədər düşüb. Yerli vaxtla saat 13:44-də (Bakı vaxtı ilə 08:44) eniş 8.02%-ə çatıb, indeks 33 030.70 bəndə qədər enib.

Tokio birjasındakı çöküşü yerli müşahidəçilər ABŞ-də mümkün resessiya ilə bağlı narahatlıqlarla izah edirlər; burada 2 avqust tarixində əmək bazarı ilə bağlı statistik məlumatlar bazar gözləntilərindən aşağı olub.

Eniş keçən həftənin cümə günü kotirovkaların çökməsindən sonra davam edir. Həmin vaxt ABŞ-nin iyul ayı üçün sənaye vəziyyəti haqqında zəif statistik məlumatlar fonunda "Nikkei" 7% azalıb.

Kotirovkaların düşməsinin daha bir amili milli valyutanın möhkəmlənməsidir ki, bu da iri ixracatçılar üçün əlverişli deyil. Bazar ertəsi günü məzənnə 1 dollar üçün təxminən 143,85 yen təşkil edir. Bu, yanvarın ortalarından bəri ən aşağı səviyyədir.