Azərbaycanda bu göstərici heç bir məntiqə uyğun gəlmir
Artıq gələn təqvim ilinin dövlət büdcəsinin formalaşdırılmasına başlanılıb. Dövlət büdcəsi sənədi ilə bərabər bir çox göstəricilər müəyyənləşməlidir. Belə göstəricilərdən biri də minimum əməkhaqqının həcmidir. 2024-cü ildə bu göstəricini hökumət bir çox əsassız arqumentlərlə dəyişməz saxladı. Əslində hökumət bu addımı cəmiyyət qarşısında arqumentləşdirmədi də, ehtiyac duymadı. Sadəcə hökumətin iqtisadi siyasətini dəstəkləyən bir çox iqtisadçılar bunu öz elminə, qafasına və dünya görüşünə uyğun, maraqlı fantaziyalarla ictimai qaydada, hökumətdən "molodest" almaq üçün "əsaslandırmağa" çaplışdılar. Lakin hamısı uğursuzluğa düçar oldu. Çünki əhalinin "ötən il azı 10 faiz inflyasiya olubsa, minimum əmək haqqı nə üçün sabit qalmalıdır?" sualına cavab verən kimsə tapılmalıdı.
Minimum əməkhaqqının iqtisadi mahiyyəti ondan ibarətdir ki, hökumət əmək qabiliyyətli vətəndaşlarına bu məbləğdən aşağı aylıq əməkhaqqı verilməsini qadağan edir. Bu hökumətin vətəndaşın iqtisadi mənafeini müdafiə mexanizmidir. İl ərzində 10 faiz inflyasiya gedirsə, minimum əməkhaqqı 10 faiz real dəyərini itirir, yəni vətəndaşın gəlirləri 10 faiz azalır. Hökumətin vəzifəsi ən pis halda həmin itən real dəyəri kompensasiya etməkdir. Lakin ötən il bu baş vermədi. Yəni hökumət minimum əməkhaqqının inflyasiya - qiymət artımı səbəbi ilə itmiş real dəyərini bərpa etmədi. Nəticədə əhalinin real gəlirləri azaldı və alıcılıq qabiliyyəti aşağı düşdü.
Hazırda isə cəmiyyətdə belə bir sual dolaşır - minimum əməkhaqqı gələn il nə qədər artacaq? Hökumətin "icazəli tənqidçilərinin" avazından belə anlamaq olar ki, hökumət bu il rəyyətə lütf edərək, minimum əməkhaqqını artırmaq fikrinə düşüb. Ona görə də dirijor çubuğunun işarəsi ilə Vüqar Bayramov və bu qəbildən olan iqtisadçılar cəmiyyətə "cəsarətli" müjdələr verir. Biri deyir minimum əmək haqqı 490 manat olmalıdır, digəri deyir 450 manat olmalıdır... Heç kim də fikrini əsaslandırmır.
Bizim də ixtisasımız iqtisadçı olduğuna görə məsələyə öz münasibətimizi bildirməyi özümüzə borc bildik. Nəhayət, minimum əməkhaqqı nə qədər olmalıdır? Həmkarlarımızdan fərqli olaraq əsaslı yanaşma ortaya qoymağa çalışacağıq. Birinci yanaşma ondan ibarətdir ki, hökumət hər bir əmək qabiliyyətli əhali üçün 287 manat, hər bir uşaq üçün 235 manat dəyərində aylıq istehlak səbəti müəyyən edib. Yəni hökumət hesab edir ki, insanlar bu qədər vəsaitlə bir ay yaşaya bilər. Tutaq ki, bu həqiqətən belədir, hərçəndki, buna bizim ciddi şübhələrimiz var. Orta statistik Azərbaycan ailəsinin dörd nəfərdən ibarət olduğunu hamı bilir - ata, ana və iki uşaq... Bu adamların toplam istehlak səbəti 1044 manat, üç nəfərlik ailənin isə toplam istehlak səbəti isə 809 manat təşkil edir. Öz sosial-iqtisadi siyasət fəlsəfəsindən yanaşsaq, hazırda hökumət bu iki rəqəmdən birini minimum əmək haqqı elan etməlidir.
İkinci yanaşma bizim inkişaf strategiyamızla bağlıdır. Ölkənin inkişaf strategiyası Avropaya doğru inkişaf kimi təsdiqlənib. Hazırda 27 ölkəni birləşdirən Avropa İttifaqının 21 üzvü minimum əməkhaqqı sistemi tətbiq edir. 2022-ci il yanvarın 1-nə minimum maaşın ən yüksək məbləği Lüksemburqda qeydə alınıb - 2257 avro. İrlandiyada minimum əməkhaqqı 1775, Niderlandda 1725, Belçikada 1658, Almaniyada 1621, Fransada 1603, İspaniyada 1126, Sloveniyada 1074 avro göstərilir.
Qalan ölkələr minimum əməkhaqqının məbləğinə görə belə sıralanır:
Portuqaliya – 823 avro
Malta – 792 avro
Yunanıstan – 774 avro
Litva – 730 avro
Polşa – 655 avro
Estoniya – 654 avro
Çexiya – 652 avro
Slovakiya – 646 avro
Xorvatiya – 624 avro
Macarıstan – 542 avro
Rumıniya – 515 avro
Latviya – 500 avro
Bolqarıstan – 332 avro.
(Mənbə: Eurostat)
Yəni bizim çatmaq istədiyimiz Avropada ən aşağı minimum əməkhaqqı iki il əvvəl 332 avro olub. Hansı ki, həmin ölkənin heç bir təbii sərvəti yoxdur. Bu sırada bizim yerimizin harda olduğunu təsəvvür edə bilərsiniz.
Üçüncu yanaşma isə hökumətin öhdəlikləri ilə bağlıdır. Belə ki, Azərbaycan Avropa Sosial Xartiyasına qoşularkən belə bir öhdəlik götürmüşdü ki, qarşıdakı beş il ərzində ölkədə minimum əməkhaqqını orta əməkhaqqının 60 faizinə çatdıracaq. Azərbaycan hökuməti adından Avropa Sosial Xartiyası bu sənədin 40 illiyi münasibətilə 2001-ci ilin 18 oktyabrında keçirilən mərasimdə imzalanmışdır. Hazırda - 23 ildən sonra ölkədə orta aylıq əməkhaqqı 1000 manat, minimum aylıq əməkhaqqı isə 345 manat, yəni orta aylıq əmək haqqının 34,5 faizini təşkil edir. Halbuki, hökumətin öhdəliyinə görə 2006-ci ildə minimum əməkhaqqı orta aylıq maaşın 60 faizinə çatdırılmalı idi. Lakin 2006-cı ildə ölkədə orta aylıq əməkhaqqı 140 manat, minimum aylıq əməkhaqqı isə cəmi 30 manat idi. Yəni minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 21,4 faizinə bərabər idi.
Şərhi davam etdirib, oxucuları yormaq istəmirik. Lakin aydın görünür ki, ölkənin kasıb təbəqəsinin iqtisadi mənafeini qorumalı olan minimum əməkhaqqının indiki məbləğı heç bir iqtisadi nəzəriyyəyə və məntiqə uyğun deyil. Minimum əməkhaqqı alan vətəndaş bütün iqtisadi təminatlardan məhrum insan sayıla bilər.
Akif Nəsirli