Siqaretlər niyə dəyərindən 3 dəfə baha qiymətə satılır?

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 33 milyon ədəd siqaret gətirilib. Buna xərclənən vəsait 943,2 min ABŞ dolları (1 603 440 manat) olub. Beləcə, bir qutu siqaretin (20 ədəd) orta qiyməti 0,57 ABŞ dolları (0,97 qəpik) olub.

Bəs Azərbaycanda siqaretlər neçəyə satılır?

Açıqlanan rəsmi məlumatlara görə, idxal olunan bir qutu filtirli siqaretin orta qiyməti iyun ayında 3,56 manat olub. Hesablamalardan göründüyü kimi xaricdən alınan siqaret ilə pərakəndə satış mərkəzlərində satılan siqaretlərin qiyməti arasında 2,59 manat fərq var. Bu o deməkdir ki, idxal olunan siqaret marketlərdə 3,7 dəfə baha satılır.

Mövzu ilə bağlı News365.az - a danışan Liberal Iqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki,  təkcə siqaret yox, bir çox məhsullar bazarda gömrükdə bəyan edilən qiymətlərdən dəfələrlə baha satılır:

“Bunun da əsas səbəbi odur ki,  ölkəyə gətirilən məhsulun daxili bazarda satış qiymətinə nəzarət mexanizmi yoxdur. Hərə öz istədiyi qiyməti təyin edir. Məsələn, bu gün hansısa qurum topdansatış məntəqəsinə deyə bilməz ki, “niyə siqareti bəyan etdiyiniz qiymətdən 3 dəfə baha qiymətə satırsınız?”.

Bildiyimiz kimi ölkəmizdə bəzi məhsulların qiymətləri dövlət tərəfindən tənzimlənir. Bəzi məhsulların minimum və yaxud maksimum satış qiyməti də Tarif Şurası tərəfindən müəyyən edilir. Amma siqaret üçün bu qaydalar yoxdur. Ona görə də siqaretin qiyməti özbaşına müəyyən edilir. Nəzərə alaq ki, bəzi məhsullar kimi siqaret də inhisar altındadır. Bu inhisarçılar hətta idxal prosesində gömrük vergi və rüsumundan daha çox yayınmaq üçün bəyannamədə qiymətləri daha aşağı göstərir”.