Pomidor niyə ucuzlaşmır? - EKSPERT AYDINLIQ GƏTİRDİ
"Yayda meyvə-tərəvəzin ucuzlaşmasının əsas şərti məhsulun kütləvi şəkildə bazara çıxarılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib
Onun sözlərinə görə, məhsul nə qədər ki, kütləvi olaraq bazara çıxarıla bilmir, ucuzlaşma baş verməyəcək: "Görürsünüz, gah yağış yağır, gah külək əsir. Bütün bunlar həm məhsuldarlığı aşağı salır, həm də məhsulun tədarükünü ləngidir. Tutaq ki, yağış yağan vaxtı pomidor yığmaq mümkün deyil. Sahədən pomidor yığıb çıxartmaq olmur. Quraqlıq, isti lazımdır".
Akif Nəsirli sözlərinə belə davam edib: "Pomidorun kütləvi yetişməsi üçün 30 dərəcədən yuxarı, 30 dərəcə ətrafında istilik lazımdır. Görürsünüz ki, havalar bir gün isti keçir, iki gün sərinləyir. Yetişmə də azalır və pomidorun hava şəraitinə görə yetişmə dövrü uzanır. Digər tərəfdən də yetişən pomidoru yığmağa yağış imkan vermir. Pomidorun vaxtı keçir, əzilir, xarab olur. Artıq o bazara çıxarılası pomidor olmur. Bu səbəblərdən pomidorun və digər meyvə-tərəvəzin qiyməti ucuzlaşmır.