ARDNŞ, yersiz müddətli əmək müqavilələrinə son qoyun!
Bu gün Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Facebook.con hesabı üzərindən ARDNŞ prezidentinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
- Cənab Rövşən Nəcəf!
İşçilərlə məcburi surətdə bağlanılan müvəqqəti müqavilələrə son qoyun. Bu hər il çoxlu sayda neftçi ailəsinin işsiz qalması deməkdir.
Rövnəq Abdullayev ARDNŞ prezidenti olanda, şirkətin hüquq, kadr, sosial siyasətini dəfələrlə tənqid etmişəm. Pandemiya zamanı onsuz da psixoloji təsirə məruz qalan neftçilərin qeyri-qanuni imtahanlara cəlb olunması, ixtisarlar, əmək müqavilələrinə qeyri-qanuni əlavələr olunub işçilərə məcburi qol çəkdirmə, işin daimi xarakterə malik olduğu halda işçilərlə müvəqqəti əmək müqaviləsi bağlayıb, onları işəgötürəndən asılı vəziyyətə salinması, şirkətin hüquq departamentinin bu qanunsuzluqlara biganə qalması və s. kimi düzgün olmayan kadr siyasətini dəfələrlə pisləmişəm. Bunu işçilərin əmək hüquqlarının pozulması faktoru kimi hesabatlarda qeyd etmişəm. Lakin vəzifəli şəxslər ölkənin əmək qanunvericiliyini pozduqları üçün müvafiq qurumlar tərəfindən cəzalandırılmayıblar. Çox təssüflər olsun ki, yeni gələn şirkət prezidenti və onun komandası hesab olunan yüksək səlahiyyətli müşavirlər bu qeyri-qanuni kadr siyasətini davam etdirməkdə maraqlıdırlar. ARDNŞ dövlət şirkəti, ştatlı işçilər daimi fəaliyyətli olduğu halda, işçilərlə məcburi surətdə müvəqqəti müqavilə bağlanılması prosesi davam edir. Əksər işəgötürənlər (öz "sehirli çırağına müvəqqəti müqavilə divini yerləşdirən ələddinlər") bundan istifadə edərək hər il yüzlərlə insanı (arzuolunmaz) işsiz qoyur. Bununla da şirkət ölkədə işsizliyin artmasına öz "töhvəsini" verir.
Ümüdvaram ki, yuxarıda qeyd olunanları nəzərə alıb, yüzlərlə işçinin əmək hüququnun bərpa olunması üçün şirkətdə əmək qanunvericiliyinin icra vəziyyətini nəzarətə götürülməsini təmin edəcəksiniz.