Heç bir övlad valideyndən əvvəl ölməməlidir...

Səxavət Əlisoy

Təəssüf ki, belə deyil.
Bəzi sağalmaz xəstəliklər, anadangəlmə, irsi patologiyalar istisnadır. Bunlar bütün toplumlarda var. Ancaq iki nəsnə var ki, gəncləri məhv edir.
1. Narkotik. Azərbaycanda narkotikdən istifadə epidemiya kimi yayılmaqda. Rəsmi statistika qeydiyyatda dayanan narkotik istifadəçilərinin sayının 35 mini ötdüyünü göstərir.
35 min rəsmi qeydiyyatda dayanır.
Qeydiyyatda dayanmayanların sayı nə qədərdir?
5-10 dəfə çox olduğunu iddia edənlər var.
Narkomaniya millətin genefondunu məhv edir.
Həkim olaraq, onlarla deyil, yüzlərlə narkoman ailəsində doğulan şikəst uşaqlar gördüm.
Gözünün, yuxarı ətraflarından birinin olmadığı uşaqların doğulduğunu gördüm.
Az qala narkoman uşaqlarının yüzdə yüzünün Mərkəzi Sinir Sisteminin ağır patoloji dəyişikliklərə məruz qaldığının şahidi oldum.
Naarkomaniya təkcə bir ailənin faciəsi deyil, o, həm də toplumun faciəsidir.
Ağır cinayət hadisələrinin təzahür etməsində narkomaniyanın xüsusi çəkisi çox yüksəkdir.
Nədən ki, narkoman anlaqsız vəziyyətdə olduğundan törətdiyi əməllərə nəzarət etmək iqtidarında olmur.
Onlar narkotik əldə etmək üçün hər türlü cinayət əməlinə gedir, ən yaxın adamlarına belə zərər yetirməkdən çəkinmir.
Azərbaycanda narkomaniya nədən artmaqdadır?
Bu suala cəmiyyət cavab axtarmalı.
Ən ağır yüksə, öncə valideynərin sonra dövlətin çiyninə düşür. Valideyn övladının özündən əvvəl ölməsini, nəvəsinin şikəst doğulmasını istəmirsə, istifadəni aşkar etdiyi anda dərhal narkodispanserə müraciət etməlidir.
Vaxtında məcburi müalicə effekt verə bilər.
Xroniki halda olan narkomaniya metastaz vermiş bəd xassəli şiş kimidir. Onun müalicəsi əsla mümkün deyildir.
Dövlət bu bəlanın qarşısını necə alır?
Hüquq-mühafizə orqanlarının haqqını vermək lazım.
Tonlarla narkotik maddənin dövriyyədən çıxarılmasında onların böyük əməyi var.
Ancaq bu yetərli deyil.
Müxtəlif yollarla narkotiklər Azərbaycana daxil olmaqda davam edir. Görünən odur ki, ciddi bir təşkilatlanmış cinayət dəstəsi Azərbaycanı narkotiklə təmin etməkdədir.
Dünən BBC-i bir informasiya yaydı. Çox ilginc idi.
İtaliyada polis Siciliya adasının açıqlarında yük gəmisindən balıqçı təknəsinə boşaldılan 5 ton kokain ələ keçirib.
İlginc olanı odur ki, narkotikin təyinat nöqtəsi Türkiyə.
Daha da ilginci həbs olunan 16 nəfərdən 8-nin Türk, 5-nin Azərbaycanlı olması.
Diqqət edin 850 milyon Avroluq kokain ələ keçirilir və həbs olunan 16 nəfərin 13-ü türk və azərbaycanlı.
Çox düşündürücü bir olay.
Narkotik gəncləri və onların ailəsini məhv edir. Toplum daha ağır zərbələr alır. Və kimlərsə narkotik maddə ticarətindən qazanır.
Məhz o qazananlara bir xatırlatmam var. Haramın 3 çıxış qapısı olur. Haram, ya onu qazananın özünün, ya övladlarının, ya da nəvələrinin burnundan gəlir.
Haramın sonadək yeyilməsi mümkün olmur...

2. Yol qəzaları. Hər il minə yaxın vətəndaşımız yol-nəqliyyat qəzalarında həyatını itirir.
Başqa sözlə hər il 1000-ə yaxın valideynin ürəyinə övlad dağı çəkilir.
Nədən?
Tam əminliklə yazıram, qəzaların böyük əksəriyyətini konstruktorları "əzrayıl" olan Rusiyada istehsal olunmuş avtomobillər təşkil edir. Yollarda nə qədər istəsən texniki nasaz Rusiya maşınları var.
İki-üç gənc adama 1000 manat qoyub bir Jiquli alır, pulunu verib texniki baxışdan "yaralı" yazdırır və çıxır yola.
Xilasetmə yastığı belə olmayan, çəkicə yüngül, nasaz avtomobil və yüksək sürət.
Bunun sonu mütləq faciə ilə bitməlidir. Və bitir də.
Övladının altında nasaz avtomobili görən valideyn nə qədər məsuliyyət daşıyırsa, rüşvət müqabilində avtomobili yararlı edən polis də o qədər məsuliyyət daşıyır, ölüm hadisələrində.
20-30 yaşlı Rusiya avtomobillərinin metallaloma verilməsi gərək. Onların həm, ekologiyaya vurduğu ziyan həm də, valideynlərin ürəyinə çəkdiyi dağ çox dəhşətlidir.
Toplumda bir biganəlik hökm sürməkdə.
Bu biganəliyin bədəli ox ağır olur.
Övladlar valideynlərdən əvvəl dünyasını dəyişir.
Bu ölümlərin qarşısını tam olaraq almaq mümkün deyil.
Ancaq sayı azaltmaq mümkündür.
Düşünməyə dəyər...