Yaş həddinə görə əmək müqaviləsinə xitam verilməsi qaydaları

Yaş həddi və ya pensiyası yaşına çatma ilə əlaqədar hansı hallarda işçi ilə bağlanmış Əmək müqaviləsi ləğv edilə bilər, qanunla bu necə tənzimlənir?


Bu mövzu, əmək münasibətlərində maraqlı mövzulardan biridir. Qeyd olunan bu əmək münasibəti, AR-nın Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə necə tənzimlənir?

 İlk olaraq onu bildirirmək istəyirəm ki, yaş həddi ilə əlaqədar əmək münasibətlərinə son verilməsi və ya əmək müqaviləsinin ləğvi yalnız, DÖVLƏT BÜDCƏSİNDƏN maliyyələşən müəssisələrə şamil olunur.

 Yaş həddi İlə bağlı əmək münasibətlərinə son verilməsi və ya əmək müqaviləsinin ləğvi digər müəssisələrə, o cümlədən də özünü maliyyələşdirən və ya təsərrüfat hesabı ilə işləyən idarə və dövlət müəssisələrinə şamil olunmur.

 DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞƏN müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

 Dövlət büdcəsindən maliyyələşən müəssisədə 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

 Elm, mədəniyyət, səhiyyə və təhsil sahəlırinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş, xüsusi xidməti olmuş və dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin son çalışma müddəti müvafiq dövlət orqanı tərərəfindən bu yaş həddindən artıq uzadıla bilər.

 Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

 Dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan işçilərin çalışma və ya davam müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

 Tərəflər əmək müqavilələri bağlayarkən, ona əlavə və ya düzəlişlər edərkən bu halda, Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada yaş həddi ilə əlaqədar "qarşılıqlı razılaşma əsasında" ona xitam verilməsinin başqa hallarını nəzərdə tuta bilərlərmi?


 Praktikada, bir çox hallarda yaş həddi ilə əlaqədar "qarşılıqlı razılaşma əsasında" əmək müqaviləsinə xitam verilməsini Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirirlər.
 AR Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin, Əmək Məcəlləsində nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin, nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsində yaş həddi ilə əlaqədar əmək müqaviləsinı xitam verilməsinin hansı hallarda tədbiq olunması artıq tənzimlənib.
 Yaş həddinin digər sahələrdə tədbiqinə zərurət olsa və ya məcburi olsa idi, bu dövlət büdcəsindən maliyyələşən müəssisələrdə olduğu kimi Əmək Məcəlləsindədə imperativ (məcburi) norma kimi nəzərdə tutula bilərdi.
 AR Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən də, bu maddədə nəzərdə tutulur ki, əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar: işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Qeyd olunan hallarda isə işçilərin hüquqları məhdudlaşır.
 Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən tərəflər arasında əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Əmək müqaviləsində, yaş həddi ilə əlaqədar Əmək Məcəlləsində belə razılaşmanın olması bu səbəbdən də düzgün deyil.
 Eyni zamanda Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi yaşa görə əmək pensiyasına çıxdıqda, ərizəsində göstərdiyi gün onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər. Bu halda işçinin "qarşılıqlı razılaşma əsasında" belə bir razılaşma bağlaması inandırıcı görünmür.
 İşçi, yaş həddi ilə əlaqədar, ərizə yazaraq istədiyi vaxt onunla bağlanmış əmək müqaviləsini ləğv edə bilər, edilməsində heç bir problem yoxdur. Belə bir problemi olmayan işçi nədən və hansı səbəbdən belə razılaşma imzalasın.

 AR Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən də, yaş həddi ilə əlaqədar işçilər arasında ayrı seçkilik edilməsi diskriminasiya hesab edilir.

 Əmık Məcəlləsinin 69.7-ci maddəsinə əsasən isə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Hesab edirik ki, bu barədə işçi ilə olan və əmək müqaviləsinin ləğvi ilə nəticələnən razılaşma, AR Əmək Məcəlləsinin 16, 43, 69, 75 və s. normalarının pozulmasıdlr.


Azər Quliyev.