Buğda ehtiyatları elektron qaydada idarə ediləcək
Buğda ehtiyatının idarə olunması ilə bağlı yeni informasiya sistemi yaradılır.
Ölkədə ərzaqlıq buğda ehtiyatlarının idarə olunması məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən yeni informasiya sistemi yaradılır.
Mərkəzdən “Vergiler.az”a verilən məlumata görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən işləyəcək yeni sistem vasitəsilə yaxın vaxtlarda həm soyuducu anbarlarda, həm də taxıl elevatorlarında olan məhsul qalıqları barədə hər ay operativ məlumat əldə etməyə imkan yaranacaq.
“Taxıl elevatorlar üçün operativ uçot sistemi artıq yaradılıb. Soyuducu anbarlarla bağlı modulun üzərində işlər davam etdirilir. Bu sistemlər əsasında həm soyuducu anbarlarda, həm də taxıl elevatorlarında olan ehtiyatları hər ay operativ şəkildə izləmək mümkün olacaq”, - Mərkəzdən bildirilib.